DÜNYA
Kanadalı yazıçı Elis Munro 2013-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuşdur
Bakı, 10 oktyabr (AZƏRTAC). Bu gün Stokholmda 2013-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı elan edilmişdir. Bu, kanadalı yazıçı Elis Munrodur.
Bu haqda Nobel Komitəsinin saytında dərc edilmiş press- relizdə göstərilir ki, Munro bu mükafata “müasir qısa hekayələr ustası” kimi layiq görülmüşdür.
Ədəbiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətinə əsasən təsis edilmişdir. Ədəbiyyat üzrə mükafata namizədləri Stokholmdakı İsveç Ədəbiyyat Akademiyasının üzvləri, müxtəlif ali məktəblərin ədəbiyyat və linqvistika üzrə professorları, ədəbiyyat sahəsində Nobel mükafatı laureatları, müxtəlif ölkələrin müəllif ittifaqlarının sədrləri irəli sürə bilərlər.
Müraciətlərin qiymətləndirilməsini və namizədlərin seçimini ədəbiyyat üzrə Nobel komitəsi həyata keçirir. Laureatları İsveç Akademiyası həmin namizədlər arasından seçir. Bu mükafat 1901-ci ildən başlayaraq hər il təqdim edilir.
Adətən ədəbiyyat sahəsində laureatlar oktyabrın əvvəlində, kimya üzrə mükafatın laureatlarından dərhal sonra elan edilir. Mükafatın təqdim edilməsi mərasimi isə dekabrın 10-da, Alfred Nobelin vəfat etdiyi gündə Stokholmda keçirilir.
Laureatlara diplom və medal, habelə təqribən bir milyon 400 min dollar məbləğində pul mükafatı təqdim ediləcəkdir.