RƏSMİ XRONİKA
“KAPİTAL BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN DÖVLƏTSİZLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikasında maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 205 nömrəli Fərmanına uyğun olaraq, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının əlavə səhm emissiyası hesabına iki dəfə artırılması barədə qərar qəbul edilmiş, dövlətə məxsus səhmlərin özəlləşdirilməsinə hazırlıq məqsədi ilə bankın maliyyə-təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi prosesinə başlanmışdır.
“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin dövlətsizləşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması məqsədi ilə yeni emissiya olunmuş səhmlərinin (səhm zərfinin) satışı, beş bərabər hissəyə bölünməklə, hərrac vasitəsilə (müsabiqə formasında) həyata keçirilsin. Həmin səhmlərin satışından əldə olunan pul vəsaiti “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalına yönəldilsin.
2. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılsın ki:
2.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə cəlb edilmiş məsləhətçi şirkətin təklifləri və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının iqtisadi maraqlarına cavab verən alıcıların seçilməsi üçün müsabiqənin meyarlarını və şərtlərini müəyyən etsin;
2.2. müəyyən edilmiş meyarlar və şərtlər əsasında səhm zərfinin satışını təşkil etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral 2007-ci il.