REGİONLAR
Karvan-L Eko Sənaye Parkı Ağstafa rayonunun iqtisadiyyatına böyük dəstək verir
Ağstafa, 7 fevral, Famil Quliyev, AZƏRTAC
“Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illər)” Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq rayonda yeni istehsal və emal müəssisələrinin yaradılması istiqamətində aparılan zəruri işlərin nəticəsi olaraq Ağstafada Karvan-L Eko Sənaye Parkı fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 oktyabr 2016-cı il tarixdə açılışında iştirak etdiyi sənaye parkında yeni istehsal müəssisələri işə salınır.
AZƏRTAC xəbər verir ki, Karvan-L Eko Sənaye Parkında hazırda dörd istehsal sahəsində alınan məhsullar daxili tələbatın ödənilməsinə və xarici bazara ixrac edilir. Parkın mozaik daş emalı sahəsində rayonun Tatlı kəndində yerləşən mədəndən təbii daşlar xüsusi kəsici qurğularla kəsilərək blok halına salınıb müəssisəyə gətirilir. Blok halına salınmış təbii daşlardan mozaik daşlar hazırlanır. Dəmir dam örtükləri istehsalı müəssisəsində İngiltərənin “Corus-Tata Steel” şirkətinin məhsulu olan metaldan istifadə edilir. Burada istehsal olunan dam örtüklərinə 25 il zəmanət verilir.
Plastik qapı-pəncərə və şüşə-metal konstruksiya istehsalı sahəsində müxtəlif ölçüdə və müxtəlif rəngdə qapı və pəncərələr, eyni zamanda paket şüşələr istehsal olunur. Qranul istehsalı müəssisəsində isə polietilen tullantı xammal xüsusi qurğulardan keçərək yuyulur, doğranır və yenidən emala verilir.
Hazırlanan qranul xammal kimi müxtəlif plastik istehsal sahələrinə göndərilir.
Sənaye Parkında istixana kompleksinin tikintisi başa çatıb və digər müəssisələrin ardıcıl olaraq işə salınması davam edir.