İQTİSADİYYAT
Kasımbek Jenis: “Yükdaşımalarda vəziyyət bir il ərzində əsaslı surətdə dəyişiləcək”
Bakı, 16 fevral, AZƏRTAC
Bakı və Aktaudan yük axını artır. Əvvəllər bu istiqamətdə ildə 1000 maşın keçirdirsə, indi bu, bir ayın göstəricisidir.
AZƏRTAC xəbər verir ki, Bakıda səfərdə olan Qazaxıstan Respublikasının investisiyalar və inkişaf nazirinin birinci müavini Kasımbek Jenis bu barədə jurnalistlərə müsahibəsində məlumat verib.
Bakıya səfərinin məqsədindən söz açan nazir müavini deyib: “Biz Bakı limanı və Xəzər Dəniz Gəmiçiliyi ilə yükdaşımalar məsələsində qarşılıqlı fəaliyyət yollarını müzakirə etməyə gəlmişik. Biz bu yük axınını qəbul etmək üçün gücümüzü birləşdirməli və daha ahəngdar işləməliyik. Yükdaşımaların həcmi artacaq. Əgər biz bu istiqaməti rəqabətə davamlı və əlçatan edə bilsək, yük axınını nəinki itirmərik, hətta çoxalda bilərik”.
K. Jenis Bakı-Tbilisi-Qars dəmir yolu tikintisi məsələsinə də toxunub. Onun sözlərinə görə, yükdaşımalarda vəziyyət bir il ərzində əsaslı surətdə dəyişəcək.