ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda elmi şuranın iclası olub
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda (KQÜKİ) elmi şuranın iclası keçirilib.
KQÜKİ-dən AZƏRTAC-a bildiriblər ki, iclasda AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev gündəlikdəki məsələlər barədə məlumat verib. Bu il KQÜKİ üzrə üç nəfərin magistratura pilləsinə daxil olduğunu diqqətə çatdıran akademik D.Tağıyev, eyni zamanda, gündəlikdə doktoranturaya qəbul və minimum imtahanları ilə bağlı imtahan proqramları, testlərin təsdiqi, dosent elmi adının alınması və institutda elan edilmiş vəzifələri tutmaq üçün sənədlərini müsabiqəyə təqdim edən əməkdaşlarla bağlı və s. məsələlərin olduğunu nəzərə çatdırıb.
İnstitut direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı direktorun doktoranturaya qəbul və minimum imtahanlar ilə bağlı müvafiq əmrinə əsasən proqram və testlərin hazırlandığını bildirib. Alim qeyri-üzvi kimya, kimyəvi kinetika və kataliz üzrə proqram və testlərin tam hazır olduğunu, fiziki kimya ixtisası üzrə isə işlərin yaxın günlərdə yekunlaşdırılacağını diqqətə çatdırıb.
Qeyd olunub ki, proqram və testlər qəbul edilməsi üçün AMEA-nın Kimya Elmləri Bölməsinə göndəriləcək.
İnstitutun beynəlxalq əlaqələr, qrant layihələri və innovasiyalar şöbəsinin müdiri Ziya Əliyev İspaniya ezamiyyətinin qısa hesabatını slaydlar vasitəsilə təqdim edib.
Dosent elmi adı almaq və müvafiq vəzifələri tutmaq üçün əməkdaşların müsabiqəyə verilmiş işləri elmi şuraya təqdim olunub.