CƏMİYYƏT
Kazandakı Azərbaycan icması Ermənistanın təcavüzkar siyasətinə etiraz edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan” Tatarıstan Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti regional ictimai təşkilatı İdarə Heyətinin sədri Bəhram Mustafayevin adından yayılan bəyanatda sentyabrın 12-də törədilən hərbi təxribata diqqət cəlb edilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Kazanda yaşayan soydaşlarımızın beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə narahat olduğu bildirilib.
Qeyd edilib ki, 30 ilə yaxın işğal dövründə Azərbaycan şəhərlərini və kəndlərini vəhşicəsinə yerlə-yeksan edən, həmin ərazilərdə kütləvi şəkildə minalar basdıran Ermənistan indiyədək öz silahlılarını Azərbaycan ərazilərindən çıxarmayıb. Üstəlik, Azərbaycanın Qarabağ iqtisadi rayonunda irimiqyaslı layihələrin həyata keçirildiyi, rəsmi Bakının təşəbbüsü və Avropa İttifaqının vasitəçiliyi ilə normallaşma, sülh danışıqlarının aparıldığı vacib mərhələdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin yenidən minalanması cəhdləri davam etdirilir.
Soydaşlarımız beynəlxalq qurumları Ermənistanın təcavüzkar siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində əməli addımlar atmağa çağırıb.