MƏDƏNİYYƏT
Keçmiş bakılılar İsraildə Novruz bayramını qeyd etmişlər
Bakı, 27 mart (AZƏRTAC). İsrailin Aralıq dənizi sahilində yerləşən Aşdod şəhərində Novruz bayramı qeyd edilmişdir.
Hər il Azərbaycan icmasının sevimli Bahar bayramını təşkil edən “İsrail-Azərbaycan” (AZİZ) Beynəlxalq Assosiasiyasında AZƏRTAC-a bildirmişlər ki, dostlarla görüşmək, ləziz bayram yeməklərindən dadmaq, rəqs etmək və unudulmaz gənclik illərini xatırlamaq üçün keçmiş bakılılar İsrailin ən müxtəlif şəhərlərindən bayrama gəlmişdilər.
Gecəni açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Novruz bayramının tarixindən, türk dünyasında, o cümlədən Azərbaycanda onun bayram edilməsi ənənələrindən danışmışdır.
Məhz tədbirdə iştirak etməyə gəlmiş “AZİZ” Beynəlxalq Assosiasiyasının Azərbaycandakı nümayəndəsi Vahid Bayramov qonaqları salamlayaraq hamını bahar bayramı münasibətilə təbrik etmişdir.
“AZİZ” Assosiasiyasının baş direktoru Lev Spivak iştirakçıları bayram münasibətilə təbrik etmiş, hamıya xoşbəxtlik və tərəqqi arzulamışdır.
Sonra Yeganə Salman Azərbaycan folkloru üzrə ənənəvi viktorina keçirmişdir. Viktorinanın qaliblərinə suvenirlər və kitablar verilmişdir. Qonaqlar həmçinin “Bakı” jurnalını hədiyyə almışlar.
Gecə Bakıda olduğu kimi, səmimi dostluq şəraitində keçmişdir.