İDMAN
Keçmiş SSRİ-dən olan beş olimpiyaçının dopinq qəbul etməsi səkkiz ildən sonra təsdiqlənmişdir
Bakı, 28 noyabr (AZƏRTAC). 2004-cü ildə Afinada keçirilmiş Olimpiya Oyunlarında götürülmüş dopinq nümunələrinin təkrar yoxlanması nəticəsində məlum olmuşdur ki, beş nəfər antidopinq qanunvericiliyini pozmuşdur.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu beş nəfərin hamısı keçmiş SSRİ ölkələrini təmsil edir.
Kürə tullayan Svetlana Krivelyova (Rusiya), ağır atlet Oleq Perepeçenov (Rusiya) və çəkic tullayan İvan Tixonun (Belarus) dopinq qəbul etməsi barədə əvvəl də xəbər verilmişdir. Onlardan əlavə, kürə tullamaq üzrə Olimpiya çempionu Yuri Belenoq (Ukrayna) və disk tullamaq üzrə bürünc mükafatçı İrina Yatçenko (Belarus) da dopinq qəbul etmiş olimpiyaçılar sırasındadır.
İdman karyeralarını başa çatdırmış bu idmançıların hər birinin olimpiya dopinq nümunələrində anabolik steroid oksandrolon maddəsi aşkar edilmişdir.
Afina olimpiadasının qalibi İrina Korjanenko diskvalifikasiya ediləndən sonra bürünc medal almış yüngül atlet Krivelyova bildirmişdir ki, əgər Beynəlxalq Olimpiya Komitəsi onun Afinada aldığı medalın qaytarılmasını tələb edərsə o, onlara “dişinin dibindən çıxanı deyəcəkdir”.
Ağırlıqqaldıran Perepeçenov da təxminən eyni fikirlər söyləyərək, öz bürünc mükafatının qaytarılacağı barədə hədə-qorxunu “sayaqlama” adlandırmışdır.
Afina Olimpiadasında cəmi 3667 dopinq nümunəsi götürülmüşdür. 8 il keçəndən sonra son həftələr 110 nümunə təkrar yoxlanılmış və onlardan beşi müsbət nəticə vermişdir.