İQTİSADİYYAT
Kənan Yavuz: “SOCAR-Türkiyə” 2023-cü ildə qardaş ölkənin ən böyük sənaye şirkəti olacaqdır
Bakı, 25 iyun (AZƏRTAC). “SOCAR-Türkiyə” 2023-cü ildə qardaş ölkənin ən böyük sənaye şirkəti olacaqdır.
Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədəki ən böyük aktivi olan “SOCAR-Türkiyə” şirkətinin direktoru Kənan Yavuz kütləvi informasiya vasitələrinə müsahibəsində demişdir.
SOCAR-ın Türkiyədə həyata keçirdiyi və gələcəkdə reallaşdırmağı nəzərdə tutduğu layihələrindən danışan K.Yavuz bildirmişdir ki, “Petkim”in əsas hissələrini alınması və “STAR” neft emalı zavodunun tikintisinə hazırlıqlar da daxil olmaqla, bu günədək şirkət qardaş ölkəyə 4 milyard dollardan artıq sərmayə qoymuşdur. 2018-ci ildə “Star” neft emalı zavodunun fəaliyyətə başlaması ilə “SOCAR-Türkiyə” 6 milyard dollarlıq sərmayəyə malik olacaq və Türkiyənin ilk üç ən böyük sənaye şirkəti arasında ikinci yerə yüksələcəkdir.
“Star” neft emalı zavodunun Türkiyənin Adana şəhərinin Ceyhan bölgəsində deyil, məhz İzmirin Əliağa rayonunda inşa olunmasının səbəbini izah edən “SOCAR-Türkiyə”nin direktoru demişdir: 5,7 milyard dollara başa gələcək bu zavodu Əliağada yox, Ceyhanda inşa etsəydik, onda bu rəqəm 7 milyard dollara çatacaqdı. Əliağa limanında zavodun inşası üçün olduqca əlverişli infrastruktur mövcuddur. Əliağanı seçməklə biz, “Star” neft emalı zavodunun maliyyə dəyərini 1,3 milyard dollar azaltmış olduq.
K.Yavuz bildirmişdir ki, 2018-ci ildə “Star” neft emalı zavodunun fəaliyyətə başlaması ilə “SOCAR-Türkiyə”nin gəlirləri 15 milyard dollara, 2023-cü ildə isə 30 milyard dollara çatacaqdır. O zaman biz Türkiyənin ən böyük sənaye şirkəti olacağıq.