REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyi gübrə bazarında qiymətlərin tənzimlənməsi üçün vaxtaşırı monitorinqlər keçirəcək
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da kənd təsərrüfatı naziri Heydər Əsədov ölkəmizə gübrə idxal edən şirkətlərin nümayəndələri və müvafiq qurumların rəhbərləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir ölkəmizdə fermer və sahibkarların gübrəyə olan tələbatı barədə iştirakçılara ətraflı məlumat verib.
Nazir deyib: “Cari ildə respublikaya tələbata müvafiq olaraq kifayət qədər gübrə gətirilib və biz kənd təsərrüfatı sahəsində, ümumilikdə ehtiyatda olan gübrələrin satışında vahid qiymət siyasəti yeritməliyik”.
H.Əsədov şirkət rəhbərlərinə xatırladıb ki, bu gün ölkəmizə gətirilən gübrələr manatın keçmiş kursu ilə alındığına görə, heç bir qiymət artımından söhbət gedə bilməz. Gübrələr öz keyfiyyətinə görə müasir standartlara cavab verməli və kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon aqroservis filiallarında, həmçinin şirkətlərin satış məntəqələrindən satılmalıdır. Eyni zamanda, qiymətlər dövlətin müəyyən etdiyi qaydalara müvafiq olaraq sabit qalmalıdır.
“Biz qiymətləri fermerlərin zərərinə olmadan, onların maraqlarına münasib tənzimləməliyik. Bu gün fermerlərin gübrəyə olan tələbatı tam ödənilir. Gübrələrin keyfiyyəti Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən laboratoriyalarda ciddi yoxlanılacaq və nazirlik gübrə bazarında qiymətlərin tənzimlənməsi üçün vaxtaşırı monitorinqlər keçirəcək”, - deyə H.Əsədov qeyd edib.
Şirkətlərin nümayəndələri və qurumların rəhbərləri respublikaya idxal olunan gübrələrin qiymətinin tənzimlənməsi üçün təkliflərini bölüşüb və dövlətin bu sahədə apardığı siyasətə dəstək verəcəklərini bildiriblər.