ELM VƏ TƏHSİL
KİBERNETİKA İNSTİTUTUNDA MÜHÜM ELMİ TƏDQİAT İŞLƏRİ APARILMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun 2007-cı ildə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabat iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, institutun direktoru, akademik Telman Əliyev il ərzində 134 elmi məqalənin (onlardan 49-u xaricdə) dərc olunduğunu, 5 monoqrafiya, 3 dərslik və 2 vəsaitin hazırlandığını söyləmiş, 14 elmi-tədqiqat işinin aparıldığını, 41 aspirantın təhsil aldığını, aspiranturaya 8 nəfərin qəbul olunduğunu qeyd etmişdir.
Bildirilmişdir ki, institutda elmi - tədqiqat işlərinin əsasən 2 istiqamətdə - “Riyazi modelləşdirmənin, idarəetmənin və avtomatlaşdırmanın nəzəri və tətbiqi problemləri” və “İnformasiya-telekommunikasiya sistemlərinin nəzəri və tətbiqi problemləri” üzrə aparılmışdır. Birinci istiqamət üzrə 9 mövzu və 40 elmi-tədqiqat işi, 2-ci istiqamət üzrə isə 1 mövzu, 6 elmi-tədqiqat işi həyata keçirilmişdir.
“Ölkənin iqtisadiyyatı və ekologiyasına böyük miqyaslı zərər vura bilən sənaye obyektlərində qəzaların proqnozlaşdırılmasını təmin edən informasiya texnologiyalarının yaradılması”, “Qərar qəbuletmə texnologiyalarının hazırlanması və respublika idarəçiliyinin müxtəlif səviyyələrində tətbiq edilməsi”, “Sənaye obyektlərinin rentabelliyinin artırılması və rəqabətə dözümlü məhsul istehsal etməyə imkan verən informasiya texnologiyalarının yaradılması” mövzularında, eləcə də “Dekorativ-tətbiqi incəsənət nümunəsi olan Azərbaycan əl xalçalarının tanınma ekspert sistemi” mövzusunda elmi-tədqiqat işinin yerinə yetirildiyi diqqətə çatdırılmışdır.