MƏDƏNİYYƏT
Kitabxanada “Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə - 200” mövzusunda tədbir keçirilmişdir
Bakı, 23 iyun (AZƏRTAC). Sabunçu Rayon Mərkəzi Kitabxanasında Azərbaycan dramaturgiyasının banisi, mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş “Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə - 200” mövzusunda tədbir keçirilmişdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, Prezident İlham Əliyevin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 13 aprel tarixli Sərəncamına uyğun olaraq mərkəzi rayon kitabxanasında keçirilən tədbirdə çıxış edən direktor Nəcibə Hüseynova və digərləri görkəmli ədib, mütəfəkkir, görkəmli dramaturq M.F.Axundzadənin həyat və fəaliyyətindən danışmışlar. Tədbirdə böyük maarifçi alimin Azərbaycan ədəbiyyatında azad düşüncənin ifadəçisinə çevrildiyi, ətrafındakı zülməti, cəhaləti, nadanlığı ifşa edərək xalqa işıq, maarifçilik yolunu göstərdiyi vurğulanmışdır. Dramaturqun fəlsəfi və maarifçilik düşüncələrini bu gün üçün də aktual hesab edən tədbir iştirakçıları onun Azərbaycan ədəbiyyatı tarixində silinməz izlər buraxdığını diqqətə çatdırmışlar.
Sonda Adil İsgəndərov adına mədəniyyət sarayının “Şənlik” Uşaq Teatrının üzvləri M.F.Axundzadənin “Hacı Qara” tamaşasından səhnəciklər təqdim etmiş, dramaturqun şeirlərini səsləndirmişlər.