DÜNYA
Kiyevdə epidemioloji vəziyyətlə bağlı orta məktəblər müvəqqəti bağlanır
Kiyev, 17 yanvar, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə orta məktəblərin epidemioloji vəziyyətlə bağlı karantinə bağlanması ilə bağlı petisiyaya 10 min nəfərdən çox insan qoşulub.
AZƏRTAC xəbər verir ki, Kiyev şəhər Administrasiyası mətbuat xidmətinin məlumatına görə, petisiyaya 10 min 737 nəfər imza atıb. Epidemioloji vəziyyətlə bağlı orta məktəblərin müvəqqəti bağlanması üçün 10 min səs kifayət edir.
Artıq Kiyev şəhər Administrasiyasının rəhbəri Vitali Kliçkonun administrasiyanın müvafiq komissiyasına petisiyanın nəticələrinə uyğun qərar çıxarılması barədə tapşırıq verdiyi bildirilir.
Qeyd edək ki, Ukrayna paytaxtında son iki həftədə qızılca və qripə yoluxan məktəblilərin sayı artmaqdadır. Kiyev şəhər Administrasiyası epidemiya ilə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsinin bir ay müddətinə məhdudlaşdırılmasına dair qərar çıxarıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev