MƏDƏNİYYƏT
Klassik Azərbaycan musiqisi nümunələri Aşqabadda səslənmişdir
Aşqabad, 4 iyul (AZƏRTAC). İyulun 4-də Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin təşkilatçılığı və Türkmənistanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
Konsertdən əvvəl son vaxtlar qardaş ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində mədəniyyət sahəsində əməkdaşlığın mühüm rolu diqqətə çatdırılmışdır. Bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.
“Türkmənistan” Kino-Konsert Mərkəzində keçirilən konsertdə Azərbaycanın və Türkmənistanın klassik musiqi nümunələri tanınmış müğənnilər tərəfindən ifa olunmuşdur.
Böyük anşlaqla keçən konsertdə klassik Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının uvertürası, bəstəkarın “Sənsiz”, həmçinin Qara Qarayevin “Vals”, Tofiq Quliyevin “Sənə də qalmaz”, “Lirik mahnı”, Polad Bülbüloğlunun “Dolalay” və Türkmənistan xalq mahnısı “Novai”, bu ölkənin tanınmış bəstəkarları Nurı Halməmmədovun, Danatar Ovezovun və Vəli Muhatovun mahnıları səslənmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın müxbiri
Aşqabad