KONQODA KEŞİŞİN “İKSİR”İNDƏN 64 ADAM ÖLMÜŞDÜR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə,Konqo Demokratik Respublikasında azı 64 adam katolik keşişin onlara verdiyi “möcüzəli iksir”dən zəhərlənib ölmüşdür. Keşişin iddiasına görə, şər qüvvələri qovmaq üçün nəzərdə tutulmuş bu yağlı maye, demə, əslində, zəhər imiş.
İbadətə gələnlər bir-birinin ardınca canlarını tapşırmağa başlayanda, keşiş qorxub, aradan çıxmışdır. Faciənin baş verdiyi kəndə həkim qrupu göndərilmişdir. Səhiyyə Nazirliyinin nümayəndəsi həmin iş üzrə istintaq başlandığını bildirmişdir. Həkimlər zəhərin nədən hazırlandığını müəyyən etməyə çalışırlar.