SİYASƏT
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
Bakı, 12 yanvar (AZƏRTAC). F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda vətəndaş Ülkər Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2009-cu il 17 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverənin nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Ü.Rəhimovanın V.Rəhimova və N.Rəhimovaya qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması iddiasına dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2009-cu il 17 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə və 60-cı maddəsinin I hissəsinə, Mülki-Prosessual Məcəlləsinin 416-cı və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.