MƏDƏNİYYƏT
Könüllərdə yaşayan, unudulmaz şair Akif Səməd
Bakı, 23 iyul (AZƏRTAC, Zərəngiz Mansurova). R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mərhum şair Akif Səmədin 55 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan çıxış edərək Akif Səmədi təkcə Azərbaycanın deyil, həm də türk dünyasının şairi, türkün söz sevdalılarının yolunun yolçusu adlandırıb.
Mərasimdə Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı, yazıçı-publisist Natəvan Dəmirçioğlu və başqaları çıxış edərək Akif Səmədin şeirlərində insana və insanlığa böyük sevgi olduğunu vurğulayıblar. O, ilahi gözəlliyi duya, ülvi hissləri sözlə ifadə edə bilirdi. Akif Səməd həm də ruh, irfan şairi idi.
Natiqlər onun “Qiblə yelləri”, “Uzaqlardan gəlirik”, “Adəmdən”, “Özümə yol” kitablarının ədəbi ictimaiyyət tərəfindən maraqla qarşıladığını, yaradıcılığının könüllərə yol tapdığını söyləyiblər.
Tədbirdə şairin ifasında xatirə səs yazıları və şeirləri səsləndirilib.