MƏDƏNİYYƏT
Kopenhagendə “Eurovision-2014” mahnı müsabiqəsinin final şousu başlamışdır
Kopenhagen, 11 may (AZƏRTAC). Mayın 11-də Bakı vaxtı ilə saat 00:00-da “B and V” arenada 59-cu “Eurovision” mahnı müsabiqəsinin final şousu başlamışdır.
Final şousu birbaşa 59-cu “Eurovision” mahnı müsabiqəsinin 36 iştirakçı dövləti də daxil olmaqla Avropanın 45-ə yaxın ölkəsində canlı yayımlanır.
AZƏRTAC-ın Danimarkaya ezam olunmuş müxbiri xəbər verir ki, ənənəyə uyğun olaraq “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlamış və iştirakçılara uğurlar arzulamışlar.
Açılış performansından sonra səhnəyə ilk olaraq 59-cu “Eurovision” mahnı müsabiqəsinin final şousunda adı birinci olan ukraynalı müğənni Mariya Yeremçuk çıxmışdır. Onun ardınca isə Belarus, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Monteneqro, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Niderland, San Marino, Birləşmiş Krallığın yarışmadakı təmsilçiləri performanslarını təqdim edəcəklər.
Səsvermə üçün ayrılmış vaxtda müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş etdiriləcəkdir. Sonra səsvermənin nəticələri elan ediləcəkdir. Daha sonra isə “Eurovision-2014” mahnı müsabiqəsinin qalibi tamaşaçıların və peşəkar münsiflərin səsləri əsasında müəyyənləşəcəkdir.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen