İQTİSADİYYAT
Koreya şirkəti Azərbaycanda optik kabel çəkilişində maraqlıdır
Bakı, 13 mart (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Koreya Respublikasının “LS Cable&System” şirkətinin nümayəndələri ilə görüş olmuşdur.
Görüşdə RİTN-in şöbə müdirləri, “Aztelekom”, Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin nümayəndələri iştirak etmişlər.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, şirkətin marketinq şöbəsinin müdiri Jon Jeong təmsil etdiyi qurum haqqında məlumat verərək bildirmişdir ki, müəssisədə əsasən telekommunikasiyada və elektrik enerjisinin təchizatında istifadə olunan kabellər istehsal olunur. Burada 40-a yaxın şöbə fəaliyyət göstərir və olduqca böyük çeşiddə məhsul satışa çıxarılır. Şirkətin 26 ölkədə 36 zavodunun fəaliyyət göstərdiyini deyən qonaq fiber-optik və müxtəlif növ kabellərin həm istehsalı, həm də onların keyfiyyəti üzrə beynəlxalq bazarda birinci yerdə olduqlarını bildirmişdir.
Azərbaycanda telekommunikasiya sahəsində mühüm layihələrin həyata keçirildiyini qeyd edən qonaq bildirmişdir ki, şirkət ölkə üzrə aparılan optik kabelləşmə işlərində yaxından iştirak etmək niyyətindədir.
Nazirliyin şöbə müdiri Mirheydər İsmayılov bildirmişdir ki, hazırda Azərbaycanda fiber-optik kabel çəkilişi həyata keçirilir. Bunun üçün RİTN ilə Dövlət Neft Fondu müştərək layihə reallaşdırır.
M.İsmayılov Azərbaycanda yaradılan texnoparkda şirkət tərəfindən müəssisə tikilməsini təklif etmişdir.
J.Jeong Azərbaycanın coğrafi mövqeyinin nəzərə alınaraq təklifə baxılacağını bildirmişdir.