ELM VƏ TƏHSİL
Koreya təhsil standartları əsasında yaradılmış peşə təhsili mərkəzinə sənəd qəbulu yekunlaşır
Bakı, 5 sentyabr, AZƏRTAC
Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılmış peşə təhsili mərkəzinə sənəd qəbulunun 2-ci turu yekunlaşır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sənəd qəbulu iş gününün sonunadək “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada davam edəcək.
Xatırladaq ki, cari tədris ilindən fəaliyyətə başlayacaq təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılan ilk pilot təhsil müəssisəsidir. Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb. Tədris prosesində istifadə edilən kurikulumlar koreyalı ekspertlər, habelə özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.
Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahları operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika ustası ixtisasları üzrə 1 illik proqramlarda təhsil almaq imkanı nəzərdə tutulur.