DÜNYA
Koreya Xalq Demokratik Respublikası öz raket-artilleriya bölmələrini tam döyüş hazırlığı vəziyyətinə gətirmişdir
Tokio, 28 mart (AZƏRTAC). Yaponiya KİV-inin yaydığı məlumata görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) raket-artilleriya bölmələrini ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyini bəyan etmişdir. Bu bölmələrə daxil olan bütün hərbi vasitələr ABŞ-ın materik hissəsini, Havay adalarını, Koreya Respublikasını və dünyanın digər təhlükə gözlənilən rayonlarını hədəfə almışdır.
Martın 26-da dərc edilmiş bəyanatda bildirlir ki, Koreya Xalq Ordusunun Ali komandanlığı KXDR-in bütün artilleriya qoşunlarının, o cümlədən strateji raket bölmələrinin və uzaq məsafəli artilleriyasının “1 №-li döyüş hazırlığı vəziyyəti”nə gətirildiyini elan etmişdir.
Bəyanatda həmçinin bildirlir ki, ölkənin hərbi qüvvələri Koreya Respublikasına “gücə güc ilə cavab verərlər” prinsipini nümayiş etdirməyə hazırdır. Bəyanatda qeyd edilir ki, Koreya Respublikası KXDR-in elə ilk hücumunda hər şeyi külə çevirməyə qadir yanğınlarla qarşılaşacağını nəzərə almalıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio