SİYASƏT
“Korrupsiyaya qarşı mübarizə” mövzusunda maliyyələşən layihələr müzakirə olunmuşdur
Bakı, 6 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə növbəti maliyyə yardımı müsabiqəsinin qalibi olmuş təşkilatlar üçün məlumatlandırma sessiyalarını davam etdirir.
Şuradan AZƏRTAC-a bildirmişlər ki, qurumun ofisində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maliyyələşən layihələrin müzakirəsi keçirilmişdir.
Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirmişdir ki, tədbirin məqsədi korrupsiyaya qarşı mübarizə mövzusunda reallaşan layihələrin icra vəziyyəti, aralıq dövr üçün əldə olunan nəticələr və layihələrin səmərəli həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmaqdır.
Vurğulamışdır ki, “Yol mədəniyyətinin yüksəldilməsində korrupsiyaya qarşı mübarizə” istiqaməti üzrə bir, “Vətəndaşlar tərəfindən dövlət orqanlarına ərizə və müraciət edilməsi işinin təkmilləşdirilməsinə dəstək” istiqaməti üzrə üç, “Regionda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” istiqaməti üzrə dörd, “Qanunvericilik aktlarının antikorrupsiya ekspertizası və korrupsiya ilə mübarizədə deputatların etik davranış məcəlləsi layihəsinin hazırlanması” istiqaməti üzrə üç layihə şura tərəfindən maliyyələşdiriləcəkdir. İyirmi doqquz işçinin cəlb olunduğu bu layihələr Bakı ilə yanaşı, ölkəmizin digər şəhər və rayonlarını - Gəncə, Sumqayıt, Xaçmaz, Lənkəran, Şəki, Quba, Füzuli, Salyan, Mingəçevir, Masallı, Şirvan, Şamaxı, Tərtər və s. əhatə edir.
Layihə rəhbərləri görülmüş işlər, mövcud problemlər barədə danışmış, korrupsiyaya qarşı mübarizənin daha səmərəli təşkili üzrə təkliflərlə çıxış etmişlər.