SİYASƏT
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır
Bakı, 16 yanvar (AZƏRTAC). Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir.
Prezident İlham Əliyev bildirmişdir ki, son illər ərzində Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində böyük uğurlar əldə edilmişdir. Bu siyasət məqsədyönlü şəkildə davam etdiriləcəkdir. Burada biz müxtəlif alətlərdən istifadə edirik. Əlbəttə ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcəkdir.
Dövlətimizin başçısı bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına tapşırıq vermişdir ki, korrupsiyaya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparsınlar.
Azərbaycan Prezidenti demişdir ki, cəza tədbirləri ilə yanaşı, institusional tədbirlər də, sistem xarakterli tədbirlər də görülməlidir və görülür. Onların arasında elektron xidmətlərə keçid məsələləri də mühüm yer tutur. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir.