MƏDƏNİYYƏT
Krımda azərbaycanlılar haqqında kitab nəşr olunmuşdur
Bakı, 20 iyun (AZƏRTAC). Krımda, qəhrəman şəhər Sevastopolda azərbaycanlılar haqqında kitab çapdan çıxmışdır.
Krımın Azərbaycan İcmasının sədri Rəhim Hümbətov AZƏRTAC-a bildirmişdir ki, kitabın müəllifi, Sevastopolda yaşayan keçmiş hərbçi, SSRİ Hərbi Dəniz Donanmasının veteranı, döyüş əməliyyatlarının iştirakçısı, istefada olan polkovnik Hidayət Musayev bir neçə kitabın müəllifidir.
“Krım azərbaycanlıları” adlı kitabda Krımın Azərbaycan ilə tarixi əlaqələrindən, yarımadada yaşamış və hazırda yaşayan azərbaycanlılardan, Azərbaycan mədəniyyətindən, adət-ənənələrindən söz açılır.
208 səhifədən ibarət olan kitab qalın cilddə buraxılmışdır. Kitabın üz qabığının və səhifələrinin tərtibatında Azərbaycanın milli ornamentlərindən istifadə edilmiş, üz qabığında Bakının rəmzi sayılan dünya şöhrətli memarlıq abidəsi - “Qız qalası” təsvir olunmuşdur.