DÜNYA
Kubanın hakimiyyət orqanları vətəndaşlara dollar satışına başlayırlar
Madrid, 23 avqust, AZƏRTAC
Kubanın hakimiyyət orqanları ölkədə valyuta bazarı yaradılması üçün avqustun 23-dən əhaliyə dollar satışına başlayıblar.
AZƏRTAC xəbər verir ki, ada dövlətində dolların satışı likvidliyin çatışmazlığı səbəbindən 2021-ci ilin iyununda dayandırılmışdı. Nəticədə, dolların qiyməti qara bazarda təqribən 5 dəfə artmışdı.
20 gün bundan əvvəl banklar və valyuta mübadilə məntəqələri bazarı bərpa etmək məqsədilə xarici valyutanı 120 Kuba pesosuna alıb yığmağa başlayıblar. Kuba Mərkəzi Bankının prezidenti Marta Sabina Uilson Qonsales bildirir ki, 20 gün bundan əvvəl əhalidən valyutanın alınması yaxşı nəticə verib. Bu dövr ərzində maliyyə təşkilatları 1 dollar üçün 24 Kuba pesosuna bərabər mübadilə kursu ilə bir ay ərzində aldıqlarından 10 dəfə çox xarici valyuta əldə ediblər.
Kubanın iqtisadiyyat naziri Alexandro Hilin sözlərinə görə, dollar satışının yenidən başlanması ölkədə qanuni mübadilə bazarının yaradılmasına istiqamətlənib və bu, milli valyutanın alıcılıq qabiliyyətinin artmasına gətirib çıxaracaq.
Dolların satışı kiçik və orta özəl şirkətlərə deyil, yalnız vətəndaşlara yönəldiləcək. Mübadilə kursu 1 dollar üçün 120 Kuba pesosu səviyyəsində qalmaqdadır. Bununla yanaşı, hər kəs 100 dollardan artıq ala bilməz.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid