İQTİSADİYYAT
Kürdəmir rayonunun Cəyli kəndində sutəmizləyici qurğu istifadəyə verilmişdir
Kürdəmir, 7 dekabr (AZƏRTAC). Kürdəmir rayonunun daha bir yaşayış məntəqəsinin - 1500 nəfər əhalisi olan Cəyli kəndinin içməli su problemi həll edilmişdir. Ekolojiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən burada modul tipli sutəmizləyici qurğu istifadəyə verilmişdir.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Cəyli kəndinin modul tipli sutəmizləyici qurğunun istifadə edildiyi sayca 13-cü yaşayış məntəqəsi olduğunu bildirmişdir. Natiq respublikamızın hər yerində olduğu kimi, Kürdəmirdə də əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının Prezident İlham Əlyevin xüsusi diqqət yetirdiyi məsələlərdən olduğunu vurğulayaraq, bu sahədə reallaşdırılan layihələrdən danışmışdır. O, yaxın vaxtlarda rayonun Mürtülü kəndində də sutəmizləyici qurğunun istifadəyə veriləcəyini diqqətə çatdırmışdır. Ölkəmizin başçısının 2011-ci il 26 avqust tarixli Sərəncamı ilə ayrılmış 870 min manat vəsait hesabına Kürdəmirin Şahbəyli, Sor-Sor, Ərşəli, Muğanlı və Xınıslı kəndlərində də modul tipli su qurğularının tikiləcəyi bildirilmişdir.
Çıxış edənlər kəndin içməli su probleminin həlli üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda rəmzi qırmızı lent kəsilmiş, qurğu işə salınmışdır. Təmiz su kənddə 13 yerdə tikilmiş bulaqlara axıdılmışdır.