REGİONLAR
Kürdəmirdə 21 min 400 hektar sahə əkin dövriyyəsinə qatılacaq
Kürdəmir, 7 fevral, AZƏRTAC
Kürdəmir rayonunun Carlı kəndində 250 hektardan çox həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə saniyədə 710 kubmetr gücündə olan su nasos stansiyası tikilərək istifadəyə verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, aqrar sektorda aparılan islahatlar, pambıqçılığın inkişafı, bölgədə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi, həmin torpaqların suvarma suyu ilə normal təminatı ilə əlaqədar qarşıya mühüm vəzifələr qoyub. Hazırda bu istiqamətdə lazımi işlər görülür. Belə ki, rayonda əkin dövriyyəsinə qatılması üçün 21 min 400 hektar yararlı münbit torpaq sahələri seçilib. Həmin sahələrin suvarma suyu ilə təmin edilməsi üçün layihələr və smeta sənədləri hazırlanıb, bu torpaqların əkin kateqoriyasına keçirilməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırılıb. Hazırda suvarma şəbəkələrinin təmiri və tikintisi üçün lazımi tədbirlər görülür.
Qeyd edək ki, Carlı kəndində qurulan nasos stansiyası ilə yanaşı, rayon ərazisində olan 17 nasos kompleksi, 213 hidrotexniki qurğu da əsaslı təmir edilib, 955 kilometr kanal və 195 kilometr dren şəbəkəsi lildən təmizlənib.