Kürdəmirdə də... turizmi inkişaf etdirmək olar
Kürdəmir, 8 iyun (AZƏRTAC). Kürdəmir rayon mədəniyyət və turizm şöbəsi rayonda turizmin inkişafı ilə bağlı bir sıra maraqlı təkliflər irəli sürmüşdür.
Aran iqtisadi rayonuna daxil olan Kürdəmirin ərazisi yovşanlı və şoranlı yarımsəhradır. Qış aylarında 5 dərəcəyədək şaxta, yayda isə 35 - 40 dərəcəyədək isti olur. İlk baxışda rayon turizm üçün heç də əlverişli olmayan təbiətə və iqlim şəraitinə malikdir. Bununla belə, Kürdəmirin turizm üçün bir sıra imkanları vardır.
Kürdəmir şəhərinin mərkəzində “Heydər parkı”, “Heydər Əliyev Mərkəzi”, Dövlət Rəsm Qalereyası, tarix - diyarşünaslıq muzeyi, Mərkəzi şəhər kitabxanasında internet şəbəkəsinə qoşulmuş “İnformasiya Mərkəzi” və digər müasir sosial obyektlər fəaliyyət göstərir.
Rayonun ərazisindəki “Şəhərgah yaşayış yeri” adlı tarixi arxeoloji abidə də turistlərin marağına səbəb ola bilər. Bakı-Qazax magistral avtomobil yolundan 13 kilometr məsafədə, Ərəbqubalı kəndində yerləşən bu abidə qədim Şirvan şəhərin qalıqlarından ibarətdir. Sığırlı kəndindəki ilk orta əsrlərə aid olan Qaratəpə yaşayış yeri və qədim qəbiristanlıq da maraq doğurur.
Kürdəmirin ərazisindən Kür çayı, Girdiman və Ağsu çayları axır. Kür çayının sahillərində nadir Tuğay meşələri mövcuddur. Mollakənd kəndində isə çay və balıqçılıq turizmini inkişaf etdirmək olar. Həmin kənddə, eyni zamanda radon və yod maddələri ilə zəngin mineral su mənbəyi vardır. Oradakı “Ulusu” sanatoriyasında 100-dək xəstəliyi müalicə etmək mümkündür.