CƏMİYYƏT
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir
Bakı, 19 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
Fonddan AZƏRTAC-a bildirmişlər ki, Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyinə iki məsələnin - Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin və 22 iyul - Milli Mətbuat Gününün təntənəli şəkildə qeyd edilməsi üçün proqramın təsdiqi məsələləri daxil edildiyini diqqətə çatdırmışdır.
Fondun icraçı direktoru Vüqar Səfərli məlumat vermişdir ki, müsabiqəyə 92 nəfər jurnalistin yazısı təqdim edilmişdir. Bu yazılar fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilmişdir.
Yazı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilmişdir. Sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 45 jurnalistin müsabiqənin qalibi, 15-nin isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul etmişlər.
Müsabiqənin şərtlərinə əsasən, yüksək bal toplayaraq qalib olan 45 jurnalistin hər birinə 1000 manat, həvəsləndirici yer tutan 15 nəfər jurnalistin hər birinə isə 300 manat mükafat verilməsi barədə qərar qəbul edilmişdir.
İclasın gündəliyində ikinci məsələ kimi təqdim edilən bayram proqramı Müşahidə Şurasının üzvləri tərəfindən məqbul sayılmışdır. Bayram tədbirlərinin iyulun 22-də səhər saat 8:00-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarlarının ziyarəti ilə başlanması qərara alınmışdır. Sonra Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş binanın açılış mərasimi keçiriləcəkdir. Bayram şənlikləri axşam saatlarında “Min bir gecə” istirahət mərkəzində müsabiqə qalibi olmuş jurnalistlərə mükafatların təqdim olunması ilə davam edəcəkdir.