DÜNYA
KXDR gələn il də nüvə gücünü inkişaf etdirəcəyini bildirir
Bakı, 30 dekabr, AZƏRTAC
Şimali Koreya nüvə gücünü 2018-ci ildə də inkişaf etdirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə bəyanat dövlətin əsas media orqanı olan Mərkəzi Teleqraf Agentliyi tərəfindən yayılıb.
Bəyanatda sentyabrın 3-də hidrogen bombasının sınağının uğurlu keçdiyi vurğulanır və bu hadisə Şimali Koreyanı “dünyanın nüvə ölkəsi” səviyyəsinə çıxaran “böyük qələbə” adlandırılır.
Koreya yarımadasında vəziyyət KXDR-in raket-nüvə proqramının son zamanlar aktivləşməsi səbəbindən ciddi surətdə gərginləşib. Belə ki, sentyabrın 3-də Pxenyan hidrogen döyüş başlığının uğurlu sınağını keçirib. Yaponiya və Cənubi Koreya partlayışın gücünü 160 kiloton həcmində qiymətləndirib. Bu, Hirosima şəhərinə atılan atom bombasından 10 dəfə güclüdür.
BMT Təhlükəsizlik Şurası bununla əlaqədar Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaları kəskin şəkildə sərtləşdirib.