DÜNYA
L'Express: Apple şirkəti Fransada 400 milyon avro vergidən yayınıb
Bakı, 23 noyabr, AZƏRTAC
Fransanın vergi idarəsi Apple şirkətinin yerli bölməsindən qeydiyyata alınmayan 400 milyon avro vergini ödəməyi tələb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi L'Express jurnalına istinadla məlumat yayıb. Jurnal istintaq orqanlarından əldə etdiyi qeyri-rəsmi məlumatlar əsasında yazır ki, Paris iqtisadi məhkəməsində bununla bağlı müvafiq iddia qaldırılıb.
Apple-in müxtəlif hüquqi yollardan istifadə edərək 2011-2013-cü illərdə ödənməli olan böyük məbləğdə vergidən yayındığı bildirilir. Şirkət iPhone, iPod və MacBook qurğularının satışından əldə edilən vəsaitlərin yalnız cüzi hissəsini qeydiyyatdan keçirib. Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi vergi məlumatlarının xidməti xarakter daşıdığını əsas gətirərək məlumatı təsdiqləməkdən imtina edib.