CƏMİYYƏT
Laçın rayon qadınlarının konfransı keçirilmişdir
Ağcabədi, 29 mart (AZƏRTAC). Azərbaycan qadınlarının IV qurultayına hazırlıq çərçivəsində Laçın rayon qadınlarının konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Ağcabədi rayonu ərazisində laçınlı məcburi köçkünlər üçün salınmış Taxtakörpü qəsəbəsində keçirilən konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
Konfransda “Dövlət qadın siyasətinin həyata keçirilməsi ilə bağlı rayonda görülən işlər haqqında” məruzə dinlənilmişdir. Məruzədə ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan, Laçın qadınlarının fəaliyyətindən, onların rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları roldan danışılmışdır.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova dövlət ailə və qadın siyasətinin prioritet istiqamətlərindən, ölkəmizdə qadınlarına göstərilən dövlət qayğısından və rayon qadınlarının qarşısında duran vəzifələrdən söhbət açmışdır.
Sonda Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilmişdir.