ELM VƏ TƏHSİL
Laçınlı məktəblilər Quba Soyqırımı Memorial Kompleksində olublar
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakının Buzovna qəsəbəsindəki Laçın rayonu Quşçu kənd orta məktəbinin şagird və müəllimləri, xarici tələbələr, könüllülər və Fondun əməkdaşlarından ibarət qrup Qubada səfərdə olub.
Məktəblilər və tələbələr əvvəlcə Qubadakı Heydər Əliyev Mərkəzinə gələrək burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto və sənədlərlə tanış olublar.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən klub üzvləri ekspozisiya zalında XX əsrin əvvəllərində Quba şəhərinin görüntülərini, o zaman burada aparılan tikinti-quruculuq işlərini, əhalinin həyat tərzini əks etdirən fotolarla tanış olub, 31 mart soyqırımı haqqında sənədli filmə baxıblar. Kompleksin əməkdaşı Səidə Abbasova Azərbaycan tarixinin bu dəhşətli səhifələri haqqında ətraflı məlumat verib. Xarici tələbələr kompleksin ərazisindəki kütləvi məzarlıqda gördükləri mənzərədən təsirləndiklərini deyiblər.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı müvafiq Sərəncama əsasən, erməni vəhşiliyinin yaddaşlardan silinməməsi üçün Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.
Səfər iştirakçıları dağ yəhudilərinin Azərbaycanda kompakt yaşadığı Qırmızı Qəsəbədə də olublar.