ELM VƏ TƏHSİL
Layihənin qalibi mükafatlandırılıb
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “İqtisadçı ekspert” layihəsinin final mərhələsi keçirilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, finala vəsiqə qazanan doqquz iştirakçı “İstehlak malları” mövzusunda apardıqları ekspertizanın nəticələrini münsiflərə təqdim edib.
Münsiflər heyətinin qərarına əsasən, əmtəəşünaslıq fakültəsinin üçüncü kurs tələbəsi Gülşən Məmmədzadə layihənin qalibi olub.
Sonda qalibə fəxri fərman, layihədə iştirak edən digər iştirakçılara isə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, layihə “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkilatçılığı, “REDUCO” tədris mərkəzinin sponsorluğu ilə keçirilib.