LƏNKƏRAN HAVA LİMANI YENİDƏN TİKİLƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran hava limanına gəldi. Burada “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov və aviatorlar dövlətimizin başçısını hörmət və ehtiramla qarşıladılar.
Konsernin baş direktoru yeni hava limanının maketi və layihəsi, görüləcək işlər barədə Prezidentə məlumat verdi. Bildirildi ki, 40 hektardan çox ərazidə yerləşən Lənkəran hava limanı istismara yararsız olduğuna görə tamamilə yenidən tikiləcəkdir. Bu, 150 milyard manata başa gələcəkdir. Beynəlxalq statusa malik olması nəzərdə tutulan hava limanı müasir tipli avadanlıq və texnika ilə təmin ediləcəkdir. Uçuş-enmə zolağının uzunluğu 3,3 min metr olacaqdır.
Bakıdan Lənkərana hava reysləri yeni alınmış “AN” tipli təyyarələr vasitəsilə həyata keçiriləcəkdir. Lənkəran hava limanından Moskvaya da birbaşa reys açılacaq, meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları daşınacaqdır.
Prezident İlham Əliyev layihənin yüksək standartlara cavab verdiyini vurğulayaraq, öz tövsiyə və tapşırıqlarını verdi, bildirdi ki, gələcəkdə Lənkərandan Moskvaya sərnişin reyslərinin açılması da mühümdür. Dövlətimizin başçısı ölkəmizdə artıq 4 beynəlxalq hava limanının olacağını yüksək qiymətləndirdi və bunun Azərbaycanın iqtisadi cəhətdən inkişafına dəlalət etdiyini vurğuladı. Azərbaycan Prezidenti hava limanında tikinti işlərini həyata keçirən Türkiyənin “Zema” şirkətinin böyük təcrübəyə malik olduğunu da xatırlatdı.
Prezident İlham Əliyev “Lənkəran aeroportunun sərnişin terminalının təməl daşı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. 8 sentyabr 2005-ci il” sözləri yazılmış iri qaya parçasının üzərindən örtüyü götürdü, tikinti işləri gedəcək əraziyə baxdı və ölkəmizdə bu cür hava limanları şəbəkəsinin genişlənməsinin böyük fayda gətirəcəyini bildirdi.