İQTİSADİYYAT
Lənkəran rayonunun Liman şəhərində 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
Lənkəran, 23 yanvar (AZƏRTAC). Lənkəran rayonunun Liman şəhərində 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda məruzə ilə çıxış edən Liman şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Bəxtiyar Səfərov əraziyə daxil olan Liman şəhərinin, Şirinsu qəsəbəsinin və Qumbaşı kəndinin əhalisi, onların məşğuliyyəti barədə məlumat vermiş, 2012-ci ildə görülmüş işlərdən ətraflı söhbət açmış, qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.
Liman bələdiyyəsinin sədri Zabil Dadaşov çıxışında ötən il yerli əhəmiyyətli sosial məsələlərin və ekoloji problemlərin həlli istiqamətində görülmüş işlər barədə iştirakçılara məlumat vermişdir.
Toplantıda iştirak edən sakinlər müzakirə edilən məsələ və gündəlik həyatda üzləşdikləri problemlər - Liman şəhərinin yol infrastrukturunun yaxşılaşdırılması, şəhərin N.Nərimanov küçəsinin əsaslı təmiri, Qumbaşı kəndinə təbii qazın verilməsi ilə bağlı təkliflərini bildirmişlər.
Hesabat yığıncağında çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 2012-ci ildə ölkəmizdə həyatımızın bütün sahələrində qazanılmış uğurlardan və nailiyyətlərdən söz açaraq bildirmişdir ki, Azərbaycan iqtisadi qüdrətini artıran bir ölkəyə çevrilmiş, onun beynəlxalq nüfuzu xeyli artmışdır.
Qeyd olunmuşdur ki, yola saldığımız ildə Prezident İlham Əliyevin gündəlik diqqət və qayğısı sayəsində Lənkəran rayonunda aparılan genişmiqyaslı tikinti, yenidənqurma və abadlıq işləri geniş vüsət almışdır. 2013-cü ildə də şəhər, qəsəbə və kəndlərin qazlaşdırılması, yol infrastrukturunun, su-kanalizasiya sisteminin yenilənməsi istiqamətində işlər davam etdiriləcək, yeni məktəb binaları, səhiyyə ocaqları istifadəyə veriləcəkdir.