REGİONLAR
Lənkəran şəhərində gənclərin fiziki inkişafına yönəlmiş layihə həyata keçirilib
Lənkəran, 15 iyul, Bağır Əliyev, AZƏRTAC
Cənub bölgəsində gənclərin fiziki inkişafına yönəldilmiş təşəbbüslər layihəsi çərçivəsində Lənkəran şəhərinin müxtəlif ərazilərində idman qurğuları və uşaqların əylənməsi üçün avadanlıqlar quraşdırılıb.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, iyulun 14-də layihənin yekunu ilə əlaqədar keçirilən mətbuat konfransında çıxış edənlər bu cür tədbirlərin gənclərin fiziki sağlamlığında, onların asudə vaxtlarının səmərəli təşkilində önəmindən danışıblar. Bildirilib ki, layihənin məqsədi cənub bölgəsində yaşayan gənclərin fiziki sağlamlıqlarının inkişafı üçün şərait yaratmaqla onların həyat səviyyəsini yüksəltmək və sağlam vətəndaş cəmiyyətinin formalaşmasına dəstək olmaqdır.
Mətbuat konfransında belə layihələrin digər ərazilərdə də reallaşdırılmasının vacibliyindən bəhs olunub.