İQTİSADİYYAT
Lənkəranda fəaliyyət göstərən 64 sahibkara 426 min manat güzəştli kredit verilmişdir
Bakı, 19 iyul (AZƏRTAC). İyulun 19-da İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Lerik rayonunun Günəşli kəndində keçirmişdir.
İİN-dən AZƏRTAC-a bildirilmişdir ki, tədbirdə 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Lerik rayonunun Piran kəndində güzəştli kredit ayrılmış quşçuluq fabrikinin fəaliyyətinə və bu fabrikdə yeni istehsal sahəsində aparılan tikinti işlərinə, müasir çörək zavodunun fəaliyyətinə baxış keçirilmişdir.
Sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və rayonda prioritet hesab olunan kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.
Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, Lənkəran iqtisadi rayonunda indiyədək sahibkarlıq subyektlərinin 1430-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 66.1 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla) verilmişdir.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Lerik və ətraf rayonlarda fəaliyyət göstərən 64 sahibkara 426 min manat güzəştli kredit verilmişdir.