İDMAN
Lənkəranda məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilmişdir
Lənkəran, 23 dekabr (AZƏRTAC). Lənkəran şəhərindəki şahmat məktəbində məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 2014-cü ilin yanvar ayında keçiriləcək uşaq-gənclər şahmat məktəblərinin Respublika birinciliyinin seçmə turnirinə hazırlıq məqsədi ilə təşkil olunmuş və dörd gün davam edən yarışlarda 6-16 yaşınadək şagirdlər üç qrupda qalib adı uğrunda mübarizə aparmışlar.
“A” qrupunda Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdi Kənan Əhədzadə birinci, şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Vüsal Həsənzadə ikinci, şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdi Orxan Kərimov üçüncü, “B” qrupunda şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri Sadiq Mirzəzadə birinci, Əsmər İbrahimzadə ikinci, şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdi Kənan Abbasov üçüncü yeri tutmuşdur.
Qızlar arasında birinci yerə Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Mirzəzadə sahib olmuşdur.
Qaliblərə diplomlar və hədiyyələr təqdim edilmişdir.