REGİONLAR
Lənkəranda şəhidlərin xatirəsi ehtiramla yad edilib
Lənkəran, 24 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran rayonunda şəhidlərimizin xatirəsi daim ehtiramla anılır, onların anım günlərinin, xatirə gecələrinin, ildönümlərinin və adlarının əbədiləşdirilməsi hər zaman diqqət mərkəzindədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayon Qumbaşı kəndində şəhid Bəşirzadə Hüseyn Xanhüseyn oğlunun məzarı ziyarət edilib, xatirəsi ehtiramla anılıb. Anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Eyni gündə icra başçısı Lənkəran rayonunun Nərimanabad qəsəbəsində şəhid Əhədzadə Xəyal Əlövsət oğlunun 40 mərasiminə qatılıb, ailə üzvlərinə başsağlığı verib və şəhidimizin məzarını ziyarət edib.
Ziyarət zamanı şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub. Rayon rəhbərliyi şəhid ailələrinin üzvləri ilə səmimi söhbət edib, qayğı və istəklərini dinləyib. Şəhid ailələrinin üzvləri xüsusi diqqət və qayğıya, dərdlərinə hər zaman şərik olduğuna görə dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, dövlətimizin başçısının müvafiq sərəncamları ilə H.Bəşirzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Gizir X.Əhədzadə isə Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə sağlığında Ali Baş Komandan İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.