CƏMİYYƏT
Lənkəranda şirniyyat istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 4 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Lənkəran şəhərinin İ. Nəsimi küçəsində Əliyev Elvin Hamlet oğluna məxsus şirniyyat sexində keçirilən yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
Müəssisədə antisanitar şəraitdə şərq şirniyyatı, tort və pirojna məhsullarının istehsal olunduğu, həmçinin istehsal sahəsində hazır məhsullarla xammalların birgə saxlandığı, döşəmə və tavanın tamlığının pozulduğu və yuyulabilən materialla üzlənmədiyi, işçilərin xüsusi geyimdən istifadə etmədiyi və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq istehsal sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, istehlaka yararsız məhsulların satış şəbəkəsindən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.