REGİONLAR
Lənkəranın sitrus bağlarında kinkan yığımına başlanılıb
Lənkəran, 26 noyabr, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür Lənkəran rayonunun sitrus bağlarında kinkan meyvəsinin yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayonda sitrusçuluqla məşğul olan fermerlər və fərdi təsərrüfat sahibləri bu il bağlarda bol məhsul yetişdiriblər. Yay mövsümündə sitrus bitkiləri üçün əlverişli sayılmayan isti və quraq hava şəraiti hökm sürsə də, yaxşı qulluq göstərilən və suvarılan kinkan bağlarında məhsul boldur.
Yüksək qulluq tələb etməyən bu bitki xəstəliklərə qarşı da davamlıdır. Kinkan meyvəsi ürək-damar, yüksək təzyiq və şəkərli diabet xəstəliklərində faydalıdır. C vitamini ilə zəngin olan kinkanın orqanizmi xəstəliklərə qarşı qoruma təsiri var. Meyvədə, həmçinin A, B1, B2 və B3 vitamini də yetərincədir. Qabığı ilə birlikdə yeyilməsi bədəni infeksiyalara qarşı gücləndirir. Kalsiumla zəngin olan kinkan meyvəsi sümük və diş sağlamlığı üçün də əhəmiyyətlidir. Yüksək xolestreni olanlar üçün nizamlı yeyilməsi məsləhətdir. Kinkandan meyvə şirəsi və salatlarda da istifadə olunur.