REGİONLAR
Lerikdə “Zəfər parkı” abidə kompleksi açılıb
Lerik, 15 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lerik rayonunun Peştətük kəndində Qarabağ müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış döyüşçülərin adlarını əbədiləşdirmək üçün onların xatirəsinə “Zəfər parkı” abidə kompleksi inşa olunub.
Kompleksin açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları abidə kompleksinin önünə gül dəstələri düzərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən lerikli döyüşçülərin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Çıxış edənlər ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər, qəzəlxan şair Valeh Lerikli mahnılar ifa ediblər.
Sonda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra təltif edilmiş şəhid Balaş Fərziyev və Ceyhun Səfərovun medalları onların ailə üzvlərinə təqdim olunub.