DÜNYA
Liberal-Demokratik və Komey partiyaları birlikdə Parlamentin aşağı palatasındakı yerlərin üçdə ikisindən çoxunu qazanmışlar
Tokio, 17 dekabr (AZƏRTAC). Sabiq Baş nazir Sinzo Abenin rəhbərlik etdiyi Liberal-Demokratik Partiya (LDP) parlamentin aşağı palatasına dekabrın 16-da keçirilmiş seçkilərdə qəti qələbə qazanmışdır.
Baş nazir Yoşihiko Nodanın rəhbərlik etdiyi Demokratik Partiya isə sarsıdıcı məğlubiyyətə uğramışdır. Y.Noda bildirmişdir ki, o seçkilərin nəticəsini tam ciddiyyəti ilə qəbul edir və məsuliyyəti öz üzərinə götürərək partiyanın sədri vəzifəsindən istefa verəcəkdir.
Yaponiyanın NHK kanalının yaydığı məlumatda bildirilir ki, aşağı palatadakı 480 yerdən 294-ü LDP, 31-i isə onun tərəfdaşı olan Komey Partiyası qazanmışdır. Bu partiyalar birlikdə 320-dən çox deputat mandatı əldə etmişlər ki, bu da onlara yuxarı palatanın qəbul etmədiyi qanun layihələrini təkrar səsvermə yolu ilə təsdiq etməyə imkan verəcəkdir. LDP və Komey Partiyası yuxarı palatada çoxluq əldə etmək üçün kifayət qədər yer qazanmamışlar.
LDP sədri S.Abe NHK kanalına müsahibəsində bildirmişdir ki, onun rəhbərlik etdiyi partiya və Komey Partiyası koalisiyalı hökumət yaratmaq barədə razılığa gəlmişlər və tezliklə siyasi danışıqlara başlayacaqlar. O, həmçinin bildirmişdir ki, LDP yuxarı palatada hər bir siyasi qərar qəbul edilərkən digər partiyaların da maksimum dəstəyini qazanmağa çalışacaqdır. S.Abe eyni ideya və siyasətin daşıyıcısı olan partiyalara əməkdaşlıq təklifi ilə müraciət edəcəyini vurğulamışdır.
Demokratik Partiya cəmi 57 deputat mandatı qazanmışdır.
Yaxın keçmişdə Osakanın meri Toru Haşimito tərəfindən yaradılmış və hazırda Tokionun keçmiş qubernatoru Sintaro İsiharanın rəhbərlik etdiyi Yaponiyanın Bərpası Partiyası isə aşağı palatada 54 yerə sahib olmuşdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio