İDMAN
Londonda akademik avarçəkmə üzrə dünya kuboku yarışlarının ikinci mərhələsinə yekun vurulmuşdur
Bakı, 25 iyun (AZƏRTAC). Böyük Britaniyanın paytaxtı Londondakı “Eton Dorney” Mərkəzində akademik avarçəkmə üzrə dünya kuboku yarışlarının ikinci mərhələsinə yekun vurulmuşdur.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, nüfuzlu yarışda Azərbaycanın 2 dueti əsas finalda çıxış etmişdir.
İkinəfərlik qoşa avarlı qayıqla (M2X) iki min metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov - Boris Yotov dueti finişə 6 dəqiqə 16,63 saniyəyə çataraq dördüncü yeri tutmuşdur.
İkinəfərlik sükansız qayıqda Luka Dordeviç - İqor Luçiç dueti isə həlledici yürüşdə 6 dəqiqə 42,11 saniyə nəticə ilə 6-cı olmuşdur. İkinəfərlik qoşa avarlı qayıqda daha bir duetimiz - İvan Antov - Aleksandr Kornilov cütlüyü B finalında (7 - 12-ci yerlər) 7 dəqiqə 6,93 saniyə nəticə ilə ümumi sıralamada 10-cu pillədə qərarlaşmışdır. Birnəfərlik yüngül çəkili qayıqda Fərid Saadov isə C finalında (13 - 18-ci yerlər) 7 dəqiqə 47,28 saniyə nəticə göstərərək yekunda 14-cü yeri tutmuşdur.