İDMAN
Londonun “Baku United” futzal klubun idarə heyətinin sədri İlham Nağıyev komandanın İngiltərə futzal çempionatındakı çıxışını yüksək qiymətləndirmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). “Baku United” futzal klubunu biz 2008-ci ildə yaratmışıq. O vaxt mən Londonda təhsil alırdım və biz bir qrup azərbaycanlı tələbə ilə “Odlar Yurdu” tələbə-gənclər təşkilatını formalaşdırdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri klubun idarə heyətinin sədri İlham Nağıyev demişdir. Bildirmişdir ki, İngiltərədə futbolu çox sevirlər. Mən də fikirləşdim ki, təşkilatımızı tanıtmaq üçün futbol komandası da yaratmaq yaxşı olardı. İlk təcrübə olaraq futzaldan başlamaq məqsədəuyğun idi. Beləliklə, biz “Baku United” komandasını yaratdıq.
Qeyd etmişdir ki, əvvəlcə “Baku United” sırf həvəskar komanda idi və İngiltərədə keçirilən müxtəlif turnirlərdə, o cümlədən Lobanovski adına kubok turnirində iştirak edirdi. Müəyyən müddətdən sonra komandanın səviyyəsini artırmağa başladıq və bura nisbətən peşəkar futbolçuları cəlb etdik.
İ.Nağıyev vurğulamışdır ki, bu mövsümdə komandamız İngiltərə Futbol Assosiasiyasından futzal liqasına qatılmaq üçün lisenziya almış və çempionatda iştirak edir. İngiltərədə futzal çempionatı 3 mərhələdə keçirilir. Birinci mərhələdə komandalar regional prinsip əsasında 3 liqaya bölünür - Şimal, Mərkəz və Cənub liqaları. Hər liqadan 4 ən yaxşı komanda növbəti mərhələyə çıxaraq 4 qrupa bölünür və qaliblər “Qrand-final”da görüşürlər. “Baku United” ən güclü sayılan Cənub liqasında mübarizə aparır. Bu liqada qələbə qazanan komanda adətən sonradan İngiltərə çempionu olur. Biz əminik ki, növbəti mərhələyə çıxacağıq və çempionluq şanslarımız da az deyildir. “Odlar Yurdu” Təşkilatı bunun üçün hətta məşhur futbol mütəxəssisi Ximenezi baş məşqçi postuna dəvət etmişdir. O, bundan əvvəl populyar “İnter Movistar” komandasını çalışdırmışdır.