DÜNYA
Lunatizm təhlükəli problemdir
Bakı, 19 oktyabr (AZƏRTAC). Yuxuda gəzmək və danışmaq tez-tez uşaqlarda təsadüf edilir. Lakin yaşlılar da bu problemdən əziyyət çəkirlər.
Psixoloqlar bildirirlər ki, yuxuda gəzmək və danışmaq insomniya adlanan yuxu pozulmalarına aiddir. Həmçinin somnambulizm adlanan lunatizm, adətən, yuxunun birinci yarısında təzahür edir. Yaşlı adamlar yuxuda açıq gözlə gəzir, onları oyatmağa çalışanda isə diksinirlər. Sonra təzədən yatırlar və səhər yuxudan oyananda isə heç nə xatırlamırlar. Yuxuda danışmağa gəldikdə isə danışan, bir qayda olaraq, öz problemindən bixəbər olur.
Bəs bu vərdişi necə adlandırmaq olar? Əsas etibarilə 4-12 yaşlı uşaqlarda təsadüf edilən lunatizmi, yaxud somnambulizmi çox vaxt zəif inkişaf etmiş mərkəzi sinir sistemi və ya ifrat yorğunluq doğurur. Səbəblərini aradan qaldırandan və uşağa istirahət verəndən sonra, adətən, bu təzahür öz-özünə keçib gedir.
Lunatizmin yetkinlik dövründə təzahür etməsi emosional problemlərin və yuxusuzluğun nəticəsi ola bilər. Yuxuda danışmağı stress, güclü narahatlıq hissləri doğurur. Nizamsız yuxu rejimi, bəzi dərmanlar, baş zədələri, qalxanvari vəzin fəaliyyətinin pozulması da lunatizm tutmalarına səbəb ola bilər.
İstənilən halda yuxuda gəzmək və danışmaq orqanizmin nasazlığından, fiziki və emosional problemlərdən xəbər verir. Bu problemləri aradan qaldırmaq üçün isə əvvəlcə həkim məsləhəti almaq lazımdır.