ELM VƏ TƏHSİL
Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək
Bakı, 15 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi (məntiqi təfəkkür, informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, elektron sınaq imtahanında iştirak etmək istəyənlər fevralın 17-si saat 09:00-dək mərkəzin internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı fevralın 17-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.
Sınaq imtahanında DİM tərəfindən fevralın 4-də ali təhsil müəssisələrinin və AMEA nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanında istifadə olunmuş test tapşırıqlarından istifadə edilir.