DÜNYA
Malayziya Çin ilə birgə layihələrdən imtina edib
Tokio, 23 avqust, AZƏRTAC
Malayziyanın Baş naziri Mahathir Məhəmməd bəyan edib ki, onun ölkəsi Çin ilə iki layihənin - yüksəksürətli dəmir yolu xəttinin və qaz borusunun inşasından imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Pekinə səfəri zamanı bəyanatla çıxış edən Mahathir Məhəmməd hazırda ölkəsinin bu layihələrə ehtiyac duymadığını bildirib.
Xatırladaq ki, bu, Malayziyanın Baş nazirinin may ayında vəzifələrinin icrasına başladıqdan sonra Çinin paytaxtına ilk səfəridir. Səfər çərçivəsində o, Çinin Dövlət Şurasının Baş naziri Li Keçyan ilə görüşüb.
Malayziya hökumətinin başçısı bildirib ki, həmin layihələr çox bahadır və o, Çindən məsələyə anlaşıqlı yanaşmağı və onları ləğv etməyi xahiş edir.
Malayziya KİV-lərinin bildirdiyinə görə, Mahathir Məhəmməd layihələrin ləğv edilməsinin səbəblərini Çin tərəfinə izah edib.
Çinin rəsmi nümayəndələri Malayziyanın qarşılaşdığı çətinliklərlə əlaqədar məsələni anladıqlarını bildiriblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio