DÜNYA
Malayziya polisi Kim Çen Inın qardaşının ölüm faktını təsdiqləyib
Bakı, 14 fevral, AZƏRTAC
Malayziya polisi bu ölkədə vəfat edən Şimali Koreya vətəndaşı Kim Çen Namın KXDR-in lideri Kim Çen Inın qardaşı olduğunu təsdiqləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun ölüm səbəbini hələ ki, müəyyənləşdirə bilməyiblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bir qədər əvvəl Cənubi Koreyanın “Çoson-TV” telekanalı Kim Çen Namın Malayziyanın hava limanlarının birində öldürüldüyü barədə informasiya yaymışdı. Jurnalistlərin məlumatına görə, cinayəti aradan çıxmağa müvəffəq olan iki qadın törədib. Polis onların Şimali Koreyanın “agentləri” olmasından şübhələnir.
KXDR-in keçmiş lideri Kim Çen İrin böyük oğlu Kim Çen Nam ölkəsini çoxdan tərk edərək Makao şəhərində yaşayır və bizneslə məşğul olurdu. Bir vaxtlar o, Kim Çen İrin mümkün varisi adlandırılsa da, hakimiyyətə kiçik qardaşı Kim Çen In yiyələnib.